ABŞ XT-larının Əfqanıstan əməliyyatları

2018/10/hs-10-12326497616.jpg
Oxunub: 2183     15:11     29 Oktyabr 2018    
Hərb tarixini incələdikcə, dünya savaşlarında rast gəlinən sayılı əməliyyatlar var ki, bunları “Hərb tarixinin inciləri” kimi hərbi dərsliklərdə nümunə olaraq göstərmək vacibdir. Bu əməliyyatların hazırlanması böyük qərərgahlarda baş tutsa da, insan faktoru hər zaman hazırlanma prinsipindən yüksəkdə durub.

Müasir müharibələr silsiləsində bənzər unikal əməliyyat 2001-ci il noyabrının 10-da həyata keçirilib. Əməliyyat nəticəsində, Əfqanıstanın şimalında yerləşən Məzarı-Şərif şəhəri azad olundu. Bu, ABŞ ordusunun Şimal Alyansı ilə müştərək olaraq Əfqanıstanda “Yenilməz azadlıq” adlı hərbi kompaniyada ən böyük qələbəsi oldu. Bu qələbənin mənası onda idi ki, ABŞ ordusu əfqan hərbçilərinə olan inamlarını yenidən qazanaraq, sonrakı əməliyyatlarda “Taliban” rejimini süquta uğratdılar. Əməliyyatda ən böyük rol ABŞ-ın Xüsusi Əməliyyatlar Qüvvələrinin (XƏQ) üzərinə düşürdü. Böyük əməliyyatlar keçirilərkən müvəffəqiyyətin qazanılmasında başlanğıcda Xüsusi Təyinatlı Qüvvələrdən istifadə düzgün seçim olub. Mütəxəssislər əməliyyatı yüksək qiymətləndirərək, onu qeyri-ənənəvi müharibələr anlamında ən yeni dövrə aid etdilər.


Beləliklə, 2000-ci il avqustun 10-da ABŞ-ın Quru Qoşunları – XƏQ komandanlığı qeyri-ənənəvi döyüş metodlarına qayıtmaq haqqında əmr imzaladı. Əmrdə qeyri-ənənəvi döyüş metodlarının onlara lazım olanları etmək üçün bir maskalanma metodu olduğu qeyd edilirdi. Bir il keçdikdən sonra isə həmin maskalanma metodu vacib döyüşlərdə istifadə olunmağa başladı. 2001-ci ilin sentyabr ayında ABŞ Quru Qoşunları komandanlığının (XƏQ) terrora qarşı mübarizədə istifadəsini təsdiqləyən əmrindən sonra bu qüvvələr Özbəkistan, Pakistan və İran körfəzindən hava yolları ilə Əfqanıstana gətirildi. Əməliyyatların aktiv fazası başlamamışdan öncə (2001-ci il 7 oktyabr) Əfqanıstanla sərhəd olan Özbəkistan və Pakistanda əsas əməliyyat bazaları yaradıldı. Bundan əlavə xüsusi qüvvələr Əfqanıstan ərazisində kəşfiyyat-diversiya əməliyyatlarına start verdi. İran körfəzi ölkələrində XƏQ-in böyük təminat, arxa cəbhə və ehtiyat qüvvələri yaradılmağa başladı. ABŞ-ın Əfqanıstanda əməliyyat aparacaq əsas qüvvələrinin formalaşması 2001-ci ilin oktyabr aylarında başa çatdı. Əməliyyatda iştirak edirdilər:

1. 5-ci Xüsusi Təyinatlı Qüvvələrin hissələri,
2. 1-ci Operativ Xüsusi Təyinatlı Qüvvələrin “Delta” dəstəsi
3. 75-ci Reyncerlər Alayı
4. XƏQ-in 160-cı ordu aviasiyası Alayı,
5. 96-cı rabitə taboru (mülki administrasiya ilə)
6. 4-cü Psixoloji Mübarizə Əməliyyatları qrupu
7. ABŞ Quru Qoşunları (XƏQ-in komandanlıq heyəti)
8. 16-cı və 193-cü XƏQ-in aviasiya dəstəsi
9. ABŞ Hərbi Dəniz Qüvvələri (XƏQ-in kəşfiyyat-diversiya qüvvələri)
10. Arxa cəbhə və döyüş təminatı qüvvələri.


Əməliyyat bazası qismində Ərəb dənizinin şimal tərəfində olan “Xitti Kok” aviadaşıyıcısının bazasından istifadə olunurdu. Bu qruplaşmanın ümumi sayı 1100 nəfər idi. Silahlanmaya isə AC-130H, ES-130E, MC130 E/H/P tipli 20 təyyarə, MN-60K, MN470, MN-533 tipli 20 helikopter cəlb olundu.


Məzari-Şərif Əfqanıstanın ən böyük şəhərlərindən biri olaraq, ölkənin şimal tərəfində həm mədəni və dini həm də böyük iqtisadi zona sayılırdı. Burada Əfqanıstan müharibəsi zamanı Sovet ordusunun strateji bazası yerləşirdi. Həmçinin Əfqanıstanda ən uzun qalxma və enmə zolağı olan aerodrom mövcuddur. Sovetlərlə Əfqanıstanı birləşdirən Amu-dərya SSRİ “dostluq körpüsü” buranı Əfqanıstan iqtisadiyyatı üçün ən dəyərli məskənlərdən birinə çevirmişdi.

1992-ci ildə general Dustumun milis qüvvələri şimali Əfqanıstana bütünlüklə nəzarət edirdi. Lakin öz tabeliyində olanların satqınlığı nəticəsində general 1997-ci ildə ölkəsindən qaçıb gizlənməyə məcbur oldu. Sonradan Məzari-Şərifdə çoxluq təşkil edən xəzərlərin üsyanı nəticəsində taliblər 8 gün ərzində şimal əyalətlərindən qovuldular. Lakin sonradan xəzərlərlə özbək milisləri arasında yaranan qarşıdurma zamanı (1998-ci il 8 avqust) taliblər böyük həmlə ilə yenidən Məzari-Şərifi tutaraq 1000-dən çox insanı edam etdilər. Bundan sonra Şimal Alyansının dəstələri pərakəndə şəkildə cənubda olan dayaq məntəqələrinə doğru irəlilədilər. Daha sonra faktiki olaraq onlar 2001-ci ilin noyabrına qədər təcrid olunmuş şəkildə qalmağa məcbur oldular. Ərzağın, material bazasının, silah və sursatın çatışmamazlığı onları döyüş əməliyyatlarından uzaqlaşdıraraq passivləşdirirdi.

2001-ci ilin noyabrın 10-da ABŞ ordusunun 595-ci Xüsusi Təyinatlı Qüvvələri ilkin olaraq Əfqanıstan ərazisinə daxil olaraq Dərya-İ-Suf çayının vadisinə - Məzari-Şərifdən 110 km uzaqlığa yeridildi. Bu vadidə relyefin çətin və keçilməzliyi general Dustumun dəstələrini taliblərin hücumundan yaxşı qoruyurdu. Generalın dəstələri ilə birləşən xüsusi təyinatlılar dərhal ərazidə kəşfiyyat və məlumat toplama ilə bağlı əməliyyatlara başladı. Bu, başlanacaq böyük əməliyyatların ilkin mərhələsi idi. İki həftə ərzində kəşfiyyat aparan xüsusi təyinatlılar taliblərin düşərgəsinə yaxınlaşaraq bir neçə dəfə dəqiq aviatuşlama əmaliyyatları keçirərək, ərazidə olan talib dəstələrinin bombalanmasına müvəffəq oldular. Lakin xüsusi təyinatlılar ilk gündən çox çətin bir duruma düşmüşdülər. Ərazidə general Dustumdan başqa çoxlu pərakəndə dəstələr var idi ki, bunların arasında taliblər də vardı. Onların kim olduğunu müəyyənləşdirmək böyük problemə çevrilirdi. Nə geyim, nə silah nə də başqa vasitələrlə onları bir-birindən ayırmaq mümkün olmurdu. Tam olaraq məxfiliyi qorumaq üçün amerikalılar ərazidə maskalamağa məcbur olur və pərakəndə dəstələrlə döyüş toqquşmasına girmirdilər. Kəşfiyyat orqan və qüvvələrinin əməliyyat rayonunda mobilliyini artırmaq üçün isə general Dustumdan götürülmüş atlardan istifadə olunurdu. ABŞ xüsusi təyinatlılarının at sürmə səriştəsinin olmamasına baxmayaraq, nəqliyyat ərazinin kəşfiyyatında və operativlik anlamında öz töhfəsini verdi. Çünki belə relyefdə heç bir xüsusi maşın hərəkət edə və gizli qala bilmirdi.


Taliblərin gündəlik bombalanmasına baxmayaraq, Şimal Alyansı qüvvələri özünün zəif təminatına, silah-sursatına görə davamlı və keyfiyyətli döyüşlər aparıb, onlara ciddi zərbələr vura bilmirdi. Düyü, ədyal və bir sıra qida təminatı alan general Dustum və ona yaxın qüvvələr, onlara vəd olunmuş döyüş təminatının gecikməsi nəticəsində hər döyüşdə itkilərlə, məğlubiyyətlə üzləşirdilər. Noyabrın 2-də ərazidə aparılacaq əməliyyatların radioəlaqə ilə deyilməsi və general Dustumla XƏQ komandanlığı arasında əməliyyatların razılaşdırılması nəticəsində, operativ planlama üçün Suf çayı vadisinə ABŞ-ın Xüsusi Təyinatlılarının 53-cü qruplaşmasının heyətindən 8 nəfər helikopterlə desant endirildi. 2 gün sonra isə Suf çayından 40 km şimalda axan Balx çayının vadisinə A-534 saylı qrup desant kimi cəlb olunaraq, Cəmaəti-İslami partiyasının dəstələri ilə birləşdi. Bu dəstələrin başında general Mühəmməd Atta dururdu və dəstədə etnik taciklər çoxluq təşkil edirdi. Lakin ən böyük, özündə etnik özbəklərin toplaşdığı dəstə Cübşi Milli İslami dəstəsi idi ki, başında general Dustum dururdu. Onların düşmənləri xəzərlər Hizb-İ-Vəhdət partiyasının tərkibinə daxil olaraq Hacı Mühəmməd Moxakek tərəfindən idarə olunurdu.

Şimal Alyansı başıpozuq qüvvələri Məzari-Şərifə hücum zamanı bir komandanlıq altında birləşdirməli idi ki, bu missiya da uğurla həyata keçirildi. Buna baxmayaraq, dünənki düşmənlər bu gün birləşərək hətta öz dəstələrinin komandanlığını formal olaraq general Dustuma verdilər. Belə birləşmə ABŞ XƏQ-ə vacib idi. Çünki aviasiya zərbələri zamanı artıq kimin kim olduğu məlum olacaqdı. Lakin uzun illər öz qrupları ilə döyüş aparan dəstələrin birləşməsinə baxmayaraq, yenə də çətinliklər öndə idi. Radioəlaqə vasitələri ancaq komanda heyətində idi. Başqa radiostansiyalar dupleks rejimində işlədiyindən, ABŞ komandanlığının radiostansiyaları ilə uzlaşmırdı. Bundan əlavə, kiçik komandir heyəti xəritələrlə işləyə bilmirdi. Bu da onların hansı sahələrdən hücuma keçmələrini göstərməyə çətinliklər yaradırdı. Şimal Alyansının dəstələrində siqnalverici vasitələr də yox idi. Gecə hücumu zamanı onları səhv olaraq ABŞ bombardmançıları məhv edə bilərdi. Vahid geyimin olmaması, döyüşçülərin pərakəndə olaraq öz metodları ilə hücuma keçməsi və digər faktorlar, Şimal Alyansı qüvvələrinin hər zaman aviasiya, yaxud helikopterlərin atəşi altına düşəcəyi təhlükəsini gündəmdə saxlayırdı. Qısa zaman ərzində onları lazımi geyim və digər vasitələrlə təmin etmək ABŞ komandanlığı üçün çətinlik yaradırdı. Bundan əlavə, döyüşçülər də ABŞ istehsalı olan formaların onların rahat hərəkətinə mane olduğunu bəhanə gətirərək, geyinməkdən imtina edirdilər. Belə bir vəziyyətdə ərazidə olan 3 qrup 3 qüvvə arasında paylaşmağı qərara aldı ki, hücum zamanı hər qrup daxil olduğu dəstənin koordinatlarını aviasiyaya verə bilsin və səhv bombalanmadan qurtulsun.


Hazırlanmış plana əsasən, əməliyyat qərbdə Bəlx, şərqdə isə Suf çaylarının sahili ilə başlamalı idi. Hücumdakılar döyüşlərlə bu iki çayın qovuşduğu yerdə görüşməli idilər. Bəlx çayı istiqamətindən hücuma keçən general Dustumun və Attanın dəstələri Tangi keçidini azad etməli idilər. Paralel olaraq, Moxakekkin dəstələri general Dustumun dəstələrini şərqdəki cinahdan qorumalı idi. Bütün üç dəstələrə Tangi keçidinə çatmaq, keçidin minalanmasına və taliblərin güclü istehkamına baxmadan, təmizləmə aparmaları əmr olunmuşdu. Əgər müvəffəqiyyətlə qarşıya qoyulmuş vəzifə icra olunsaydı, bu zaman dəstələr 40 km-dən sonra tam olaraq Məzari-Şərifə çatacaqdılar. Bu zaman general Dustum Şulgerax şəhərini ilkin olaraq ələ keçirməyi təklif edir. Onun fikrinə görə, bu şəhər Şimali Əfqanıstanda böyük strateji əhəmiyyətə malik idi. Onun ələ keçirilməsi Məzari-Şərifin və 6 şimal əyalətinin süqutuna gətirib çıxaracaqdı. Lakin qələbə üçün generalın dəstələrində silah və sursat çatmırdı.

Noyabr ayının əvvəllərində XƏQ-in köməyi ilə lazımi silah və sursatlar dəstələrə çatdırıldı. Hücum noyabrın 5-də MC-130 təyyarələrindən düşmən mövqelərinə atılan 2 ədəd 7 tonluq BLU-82 aviabombalarının partlayışı ilə başlandı. İlk əvvəl Attanın qoşunları tezliklə qərbdə yerləşən Akopruk adlı böyük kəndi tutaraq, irəliləməyə başladılar. Burada yerli taliblər zəif müqavimət göstərərək, özlərinin taliban hərəkatına məcburi qatıldıqlarını iddia edib təslim oldular. Lakin bütün qoşunlar kəndə daxil olduğu zaman, onlar əks-hücuma keçərək Attanı kənddən çıxarmağa müvəffəq oldular. General Dustumun və Moxakekkin qoşunları ABŞ aviasiyasının dəstəyi ilə şərqdə müvəffəqiyyətlə irəliləyirdi. Lakin Boy-Baxça kəndi istiqamətində onlar da taliblərin yaxşı bərkidilmiş istehkamlarına tuş gəldilər və hətta taliblər əks-hücuma da keçdilər. Belə hücumlardan birində taliblər 595-ci dəstədən olan 3 amerikalı XT-nin qoruduğu mövqeyə də soxuldular. Lakin amerikalılar aviasiyaya dəqiq kordinat verərək, onları massiv aviahücumla məhv etdilər. Axşam düşən zaman Dustumun böyük sayda yığılmış suvari dəstələri ABŞ hava qüvvələrinin dəstəyi ilə taliblərə hücuma keçdi. Taliblərin müqavimətini sürətlə irəli gələn süvarilər və ABŞ aviasiyası qırdı. Bu zaman Pakistandan gələn minlərlə mədrəsə məzunları və Əl-Qaidə döyüşçüləri də lazımi köməyi göstərə bilmədi. Bu zaman Attanın dəstələri yenidən Akapruk kəndini ələ keçirmək üçün ağır döyüşlər aparırdı. Üfüqdə görünən ABŞ bombardmançılarının əraziyə daxil olması ilə kənddə səngərlənən taliblərin qara günü başladı. Bombardman demək olar ki, əsas qüvvələri təmamilə məhv edərək Attanın yenidən kəndə girməsinə yol açdı. Bu qələbələr Şimal Alyansı döyüşçülərində böyük ruh yüksəkliyi yaratdı.

Noyabrın 9-na qədərki dövrdə yenidən qruplaşan və canlı qüvvə, artilleriya köməyi alan taliblər Tanginin dərinliyində mövqe tutaraq, keçidi yenidən daraltdılar. General Dustum həm öz qoşunları ilə əlaqə saxlayır, eyni zamanda düşmən komandirləri ilə danışaraq, onları müqavimətdən çəkindirirdi. Belə danışıqlar çox zaman bəhrəsini verirdi. Taliblər kiçik dəstələrlə də olsa, qaçaraq təslim olurdular. Bir çoxu qaçan zaman arxadakı taliblərin içində olan Qəndaharlılar və “Əl-Qaidə”çilər tərəfindən güllələnir, ya da əsir götürülərək ən qəddar şəkildə edam olunurdular. Edamlar hər zaman kütləvi xarakter daşıyırdı. Bu da başqalarını qaçmaqdan və təslim olmaqdan çəkindirmək üçün nəzərdə tutulurdu.


Əməliyyatın son fazası 2001-ci il noyabrın 9-da səhər saatlarında Tanqi rayonunda başlayaraq, daha qızğın müstəviyə keçdi. Taliblər anlayırdılar ki, Tanqinin əldən getməsi “Taliban” hərəkatının ümumiliklə Əfqanıstanda sonu deməkdir. Buna görə bu zonaya ən böyük qüvvələrini, reaktiv artilleriya qurğularını, tanklarını və döyüş maşınlarını cəmləməklə, güclü istehkam yaratdılar. Bundan əlavə ərazinin hər metri minalandı. Bunu anlayan ABŞ XT-ları Alyans qüvvələrinin tərkibində hərəkət edərək, cəlb olunmuş aviasiyanı talib qüvvələrinə korrektlətdirir, aparılan sıx bombardman və raket hücumları ilə addım-addım irəliləyirdilər. Taliblərin Havadan Müdafiə Qüvvələri olmadığına görə, tək 23 mm-lik “Şilka” tipli özüyeriyən zenit qurğusu vasitəsi ilə təyyarələrin qarşısını almağa çalışdılar. Lakin bu da effekt vermədi. Təyyarələr qurğunun atəş məsafəsinə yaxınlaşmadan hündürlükdən bombardumana başladı və hücumda olan helikopterlərdən biri zenit qurğusunu ilk andaca raketlə vuraraq darmadağın etdi. Zərbə dalınca zərbədən talib qüvvələri zəifləyir, sağ qalanlar isə səngərləri atıb qaçırdılar. ABŞ aviasiyasının zərbələri o qədər dəqiq idi ki, hər zərbə zamanında mövqe göyə uçurulurdu. Taliblərin dərədə olmasından dolayı partlayışlardan əmələ gələn daş uçqunları da onları bitirirdi. Güc öz sözünü dedi. Taliblərin Tanqi rayonundakı bütün qüvvələri dağıdılaraq məhv edildi.

Taliblərin Tanqi ərazisində dağıdılmasının xəbəri Məzari-Şərifə çatan kimi, taliblərin şəhərdə qalan kiçik qüvvələri tələsik halda şəhəri buraxıb Qunduz əyalətinə doğru qaçmağa başladı. Bu zaman ABŞ helikopterləri yolda onların qüvvələrini darmadağın etdi. Noyabrın 10-da günorta çağı Şimal Alyansı qoşunları, ABŞ 5-ci qrupunun hərbi məsləhətçiləri və XT-larla Məzari-Şərif şəhərinə daxil oldular. Burada onları bayram əhval-ruhiyyəli əhali qarşıladı. Bu zaman Əfqanıstanın bır sıra əyalətlərində olan hücumlar və taliban komandirlərlə danışıqlar, hərəkatın Əfqanıstanda süqutunu gətirdi.

Son olaraq əməliyyatları analiz edən ABŞ komandanlığı belə qərara gəldi:


1. Əfqanıstanda keçirilən əməliyyatlar zamanı ABŞ XT-ları yerli Şimal Alyansı ilə ünsiyyətdə böyük problemlər üzə çıxardı. Bunlardan ən əsası dil, Alyansın rabitə əlaqəsinin köhnəliyi, geyim və tanınma nişanlarının olmaması, arxa təminatının zəifliyi, döyüş hazırlığının primitivliyi və döyüşçülərin mənəvi hazırlığının olmamasıdır.
2. Zəif təşkilatlanma onunla izah olunur ki, pərakəndə qoşunlar bir sıra partiyalara tabedir və aralarında çox zaman fikir ayrılıqlarından irəli gələn münaqişələr var. Bu da onlarda döyüş zamanı gah bu tərəfə, gah da o biri tərəfə keçərək tabe olmalarına gətirib çıxarır.
3. Taliban üzərində qələbəyə baxmayaraq, Şimal Alyansının döyüşçüləri elementar döyüş hazırlıqlarına malik deyildilər. Bu da onun göstəricisi idi ki, döyüşçülərin böyük hissəsi kəndlilərdən ibarət idi. Savadız idi. Heç kim kompas və xəritədən istifadə edə bilmirdi. Onların dəstə halında pusqu quraraq mobil döyüş apara bilməsinə baxmayaraq, ümumqoşun hücumunda həddən ziyadə ləng və hazırlıqsız idilər.
4. Silah, sursat və ləvazimat baxımından da Şimal Alyansında böyük problemlər vardı. Onlara ABŞ tərəfindən verilən silahlar tez bir zamanda aralarında düzgün bölünməyərək qarət olunur və bu silahlar sonradan Əfqanıstanın qara bazarlarında peyda olurdu. Bundan əlavə, əldə olunmuş vasitələr və döyüş təminatı elementləri də bazarlara çıxarılırdı.
5. Döyüşçülər çox zaman qəbul etdikləri narkotik maddələrdən qeyri-adekvat olur, komandalara riayət etmir və döyüşdə aktiv olmurdular.
6. Ərazinin sərt olması və relyefin çətinliyi ABŞ helikopterlərinə desant endirmə əməliyyatlarının aparılması, təxliyyə işləri üçün böyük çətinliklər yaradır. Bu zaman bəzi Şimal Alyansı qüvvələri atlarla köməkdən imtina edirdilər və heyvanlar üçün böyük məbləğdə ABŞ dolları tələb edirdilər.


Son olaraq qərara alındı ki, Əfqanıstanda olan Şimal Alyansı ilə işlər davam etdirilsin və onların savad, hərbi biliklərinin artırılması üçün böyük təlim mərkəzləri yaradılsın. Çünki bütün çatışmamazlıqlara baxmayaraq, bu çətin relyefli və savadsız ölkədə aparılan hərbi əməliyyatlarda, qeyri-ənənəvi döyüşlər zamanı Şimal Alyansının döyüşçüləri özünəməxsus böyük nəticələr göstərə bilirlər. ABŞ hərbi dairələri burada bazaların yaradılması ilə bağlı bütün çatışmamazlıqları aradan qaldırmaq üçün hökumətindən dəstək alaraq, əraziyə təlimatçılarla birgə fərdi hərbi kompaniyaların mütəxəssislərini, əsasən də “Black Water”ləri dəvət etdi.

Hərbi eskpert Abuzər Əbilov
Ordu.az

Комментарии