Sönmüş şəhərin zəif işıqları-4


Bu şəhərdə,bu məchulluqda nə qədər görəsən gizli məkrlər var ilahi. Və niyə bu şəhər belədir? Görəsən yad planetlilərmi buranı alaraq,özlərinin məkrli məkanına döndəriblər,yoxsa bizmi Azərbaycanlılıqdan,babalarımızın qeyrətindən,analarımızın namusundan,bacılarımızın həyasından saparaq yad planetli olmuşuq. Bilmirəm. Bəlkə də mən yad planetliyəm. Mənim planetimdə palcıqlı səngər,əsgər krujkası,ağır bronik və hər gecənin ayazında irəli baxaraq arxadakı biqeyrətlik və binamusluğu,öz namus və canı ilə sipər edən əsgər var. Mənim planetimdə 30-35 manatlıq ağ örtüklü şadlıq evindən fərqli ,sınıq və salxaq skameykalar var və üstündə adi və qiyməti zər ziynət olan 1 manatlıq Kola və 2 mqanatlıq peceniya var. Mənim planetimdə BMV lər,Qalonvagerlər ,Q-7 lər yox,yer yaş olanda canı dildən zarıyaraq yanıma gələn UAZ lar var. Mənim planetimdə mən varam,hansı ki bu axmaq şəhər deyilən planetdə mən tumanı cırıq bir dilənciyə bənzərəm-şahənşahlar sarayının qabağında. Mənmi günahkaram yoxsa bu şəhərmi? Bəlkə elə mən dəliyəm və mənim yerim səngər yox,pəncərəsi dəmir barmaqlıqlı dəlixanalardır. Bilmirəm. Bildiyim tək odur ki,indi işqalda olan torpaqlarda qar düşüb. Xəfif və təmiz qar. Uzaq 1992 ci ildəki kimi. O zaman Şuşanın Kosalarında Hurrey vuraraq,qoltuğumuzda təndirdən cıxmış cörək,torbamızda nehrə yağı,pebdir və ürəyimizdə bir dünya sevinci posta gedərik. Elə həmən post da ordadır. Qar da həməndir. Bəlkə üstündə oturub şeytan yuvası Xankəndinə baxdığım və oradan gələn bütün təhlükəni sinəmlə qarşılayacağım əzmində oturduğum daş da ordadır. Mən yoxam orda.Təkcə mənim ləpirlərim yoxdur o ağ örtükdə. Bəlkə elə ora yağan qar da məni illərdir orda görməyib gözünün yaşını tökür. Bir qar ağlayacaq qədər ağlayır. Bəlkə elə Canhəsənin o xaraba divarları da məni gözləyərək cismən qocalır-mən mənən qocaldığım kimi.Bəlkə elə... Bilmirəm daha. Allah bilir .Amma nədənsə o da məndən üz dondərib. Bu şəhərin Milli Məclisinin salonlarında istidə oturan deputat yadplanetliləri kimi,bu şəhərin restoranlarında cismi 2 manat ,əndazəsi 2000 ,mənəviyyatı bir abbası olan aristokrat fahişə xanımları ilə əylənən millətimin qüdrətli qumanoid oğulları kimi.
Dönüb bir daha bu şəhərə baxıram. Zamanlar vardı ki,bu şəhərin kasıb məhəllələrinin qeyrətli kişilərinin sevdiyi bir cümlə vardı; Dəvəsi ölmüş ərəbəm. İndi nə o kişilər var nə o məhəllələr. İndi mən varam .O kişilərdən qalan yeganə yadplanetlı. Mənim isə ərəbim ölüb. Dəvə olaraq hələ ki səngərə su daşımağa gedirəm. Gün olsun ki ,səngərin toyu olsun-məni də dəvə kimi dəvət eləsinlər o toya. Oynaya bilməsəmdə... Nə isə.
Deyirlər ulduz müharibəsində olduğu kimi Ermənistanı bir həftədə yox edərik. Edək. Edənlərə alqış. Amma hələ ki bir həftənin sevinci gəlməmiş mən yazıq ərəbsiz dəvə 25 ilin yükünü daşımağa məcburam,bu kücələrində ölməmiş və həyasız ərəblərin dolaşdığı dollar şəhərində. Amma həvəsdir bədir. Ağrıyan ayaqlarıma qaba botinkamı geyib,köhnə formamı əynimə alıb,əşya torbamın icinə metro qabağında satılan 2 manatlıq kolbasadan,40 qəpiklik zavod cörəyindən qoyub ,gedirəm bu şəhərdən,bu yadplanetlilərin diyarından. Və yenə də yola cıxarkən deyirəm: Səni ilk gəncliyimin,ilk sevgisi kimi ,ana sözünü ilk deyən körpənin anasının ona olan sevgisi kimi sevdim –SƏNGƏR.
VƏTƏN SAĞ OLSUN !

Комментарии