Silahların müharibəsi - müharibənin silahları.




İlkin olaraq postsovet məkanında, dəqiq desək SSRİ-nin bir dövlət kimi dağılması çərçivəsində yaranan münaqişələr, tərəflərin bir-birinə hədsiz nifrəti ilə yadda qaldı. Bu olaylar onun üçün düşündürücüdür ki, uzun illər bir yerdə yaşayan millət və milliyyətlər, SSRİ anlamında könüllü və yaxud məcburi olaraq çox mehriban yaşasa belə, bu hegemon imperiyanın özülünün laxladığı zaman daha azğın halda dünənki qonşu, dost və yaxınlarına qarşı hədsiz amansız oldular. Hətta burada adi işgəncə və məhvetmə metodlarından saparaq bir kanniballıq prinsipi ortaya gəldi. Milli və məhəlli münaqişələr zamanı da ən əsas tərəflər döyüş silahlarına malik olmaq istədilər. İlk zamanlarda bunu əldə edə bilməyənlər kustar (zavod istehsalı olmayan və keyfiyyəti şübhə doğuran) silahlar, sursatlar, atəş vasitələri hazırlamağa başladılar ki, bu da çox hallarda dəqiq olmayan və təhlükəli vasitələrə çevrildi. SSRİ-nin dağılması fonunda bu keçmiş Varşava müqaviləsi dövlətlərinə də yoluxdu və müharibə, silah, sursat, savaşlar, qətllər, əsrliklər, işgəncələr bu regional müharibələrin ən yadda qalan atributlarından oldu.
İlkin olaraq sovetlər birliyi məkanında münaqişələr fonunda Ermənistan kustar silah və sursatlar istehsal etməyə başladı. Bunun üçün maliyyə və mütəxəssis axını problemi olmadı. Xaricdən maliyyə, dağılmış SSRi-nin guşələrindən mütəxəsislər tapıldı. Tez bir zamanda Ermənistan ərazisindəki Azərbaycanlıların  kəndlərinə basqın edərək, mülki əhalini qətl etmək üçün K6-92 tipli pistolet-pilemyot tipli silah hazırlandı. Silahın əsası Böyük Vətən Müharibəsi zamanı sovet silah mühəndisi Sudaevin PPS pistolet-pulemyotundan götürülmüşdür. Silah metalın keyfiyyətsizliyindən tez paslanır, qızaraq güllələri “tüpürməyə” başlayır və düz nişana oturmurdu. Lakin Erməni quldurlarını bu durdurmurdu, çünki əliyalın Azərbaycan vətəndaşını yaxın məsafədən vurmaq üçün bu da bəs edirdi.
Birinci Qarabağ savaşının başlanmasının səbəbləri haqda çox yazılıb. Yaxın tarixdəki münaqişələr fonunda bu münaqişənin alovlanaraq böyük müharibəyə gəlib çıxacağını müxtəlif politoloqlar və konfliktoloqlar zənn etmirdilər. Çünki məhəlli münaqişələr fonunda Qarabağ, Moldova, Gürcüstan, Özbəkistan və s. kimi “tezsönən” münaqişə anlamında. Lakin münaqişəyə cəlb olunan qüvvələr, münaqişənin yaradılması üçün ortaya atılmış kartlar həddindən artıq böyük qazanclara hesab olunmuşdu. Burada artıq dünya hegemonlarının bir-birinə fərqli metodlarla güc nümayişi, siyasət basqısı gedirdisə, adi Azərbaycan vətəndaşı üçünsə bu uzunmüddətli savaş prizmasından baxdıqda, işğal müstəvisi idi. Belə zamanda əliyalın əhali, kiçik qruplara toplanaraq adi və primitiv döyüş vasitələri ilə silahlanaraq, sovetlərin hərbi qüvvələrindən əldə olunan ciddi silahlarla kəndlərə basqı edən erməni terrorçu qrupları ilə üz-üzə idilər. Sadə Azərbaycan vətəndaşı “ərazidə sülhə cavabdeh” olan sovet hərbi hissələri tərəfindən primitiv silahlarından olurdusa da, Ermənistan həmin qüvvələrin “görməzliyi” sayəsində sürətlə və ciddi silahlanırdı. Bütün bunlar Ermənistana çatan tikinti materialları adı altında gətirilir, yaxud ermənilər yaşayan zonalarda xidmətdə olan sovet komandanlıqları tərəfindən quldur dəstələrinə açıq şəkildə satılırdı. Buna bariz nümunə Ermənistan ərazisində dislokasiya olunmuş sovet qoşunları və Dağlıq Qarabağda, yəni məhz 23 diviziyanın Xankəndində dislokasiya olumuş 366-cı motoatıcı alayı idi. Bu alayın tərkibində olan silahlar həmin illər üçün böyük gücə malik idi. Məsələn: 23-cü qvardiya divizaiyasının 366-cı alayı, Xankəndini tərk edən zaman 96 zirehli texnikanı, bunlardan: 9 ədəd T-72 tankı, 5-ədəd ZTR-70 , 49 ədəd PDM-1, 28 ədəd PDM-2, 5 ədəd KDM-1k (Kəşfiyyat Döyüş Maşını)  erməni qüvvələrinə təhfil vermişlər. (Erməni mənbələrinin bir hissəsi bunları zorla, bir hissəsi isə pulla aldıqlarını iddia edir). Bundan əlavə müxtəlif vaxtlarda sovet zabitlərinin ermənilərə təhfil verdiyi sursat, pulemyotlar, avtomatlar, tapancalar, qumbaraatan və onların mərmiləri haqda da məlumatlar vardır. Bundan əlavə 28 yanvar 1992-ci ildə erməni quldurları sovet qoşularından ələ keçirdikləri DZRK ilə Ağdamdan Şuşaya uçan “Azerbaijan Airline” şirkətinə məxsdus, bort nömrəsi SSSR-24137 olan Mİ-8 helikopteri də vurulmuşdu. Bütün bunların fonunda Azərbaycan əhalisi kiçik çaplı ov tüfəngləri, kiustar təmir olunmuş təlim avtomatları və qeyri hərbi yönümlü qurğu, mərmi və sursatlarla vuruşurdular. Kustar silah və sursatlardan, bu günkü müasir təminatlı orduya doğru addımlayan Azərbaycan döyüşçüsünün istifadə etdiyi savaş elementlərinin təsnifatına və onların müasirləşmə tendensiyasına bir daha baxış edək.
İlkin olaraq  Azərbaycanlılar tərəflər arasında “sülhyaratma” qüvvələri olan SSRİ Daxili İşlər Nazirliyinin qoşunları tərəfindən birtərəfli qaydada tərkisilah olunmuşdular. Bunun nəticəsi kimi, erməni quldurları mütəmadi olaraq kəndlərə hücum edir, qətllər törədirdilər. Bu zaman onlar avtomat və tapancalardan sərbəstliklə istifadə edə bilirdilər. Azərbaycan özünümüdafiə qrupları isə onların qarşısına ən yaxşı halda “tərkisilahdan” gizlədə bildikləri pnevmatik TOZ-8 və müxtəlif köhnə dədədbabadan qalma ov tüfəngləri ilə çıxmaq məcburiyyətində idilər. Sursat baxımından da böyük qıtlıq hökm sürürdü. SSRİ qoşunları ərazini tərk etdiyi zaman isə əhalinin qorunması tabel silahı olan PM tapancaları ilə və çox az sayda Kalaşnikov avtomatları olan milis dəstələrinin üzərinə düşürdü. Münaqişə qızışdıqca, silah və sursata daha çox ehtiyac yaranırdı. Artıq formalaşmağa başlamış erməni ordu qüvvələri, yaşayış məntəqələrini qumbaraatan və kustar halda hazırlanmış minaatanlarla atəşə tuturdu. Bu zaman Azərbaycan özünümüdafiə dəstələri, məktəblərin balansında olan AKM təlim avtomatlarını qeyri zavod şəraitində döyüş halına gətirməyə məcbur oldular. Əsasən lüləsi deşik və vurucu iynəsi olmayan bu avtomatların lüləsinə vtulka keçirilir, iynə isə kustar olaraq keyfiyyətsiz metaldan hazırlanırdı. Bu da doyüş zamanı öz “töhfəsini” gecikdirmir, iynə sınaraq sıradan çıxır, vtulkalar isə qızışaraq barıt qazlarının təsirini buraxdığı üçün, avtomatlar güllələri “tüpürürdülər”. Vtulka ilə təmin zamanı sökülən nişangah qurğusu isə yenidən yerinə qoyulan zaman dəqiqliyini itirirdi. Bundan əlavə həmən silahlar silahlanmadan çıxarılaraq təlim silahlarına çevrildiyi zaman, artıq lülənin resursu dəfələrlə keçilmiş vəziyyətində olduğundan, atəş zamanı şişmələr və lülənin sıradan çıxması kimi hadislər də olurdu. Bundan əlavə sovetlər vaxtı müxtəlif təmayüllü obyektləri qoruyan hərbləşdirilmiş mühafizə dəstələrinin silahlanmasında olan (VOXR) SKS tüfəngləri, əhalidə olan Mosin tüfənglərindən də istifadə olunurdu. Hətta şəxsən 1992-ci ildə Şuşanın Kosalar kəndində xidmət apararkən qəribə də olsa Şuşa milisinin heyətində DP pulemyotuna da rast gəlmişdim.
Uzaq məsafələrə atəş məcburiyyəti yaranırdı. Erməni quldurlarında artıq 82 mm minaatanlar peyda olmuşdu. Buna cavab vermək üçünsə Azərbaycan müdafiə batalyonlarında ağır silahlar yox idi. Ən yaxşı halda RPQ qumbaraatanları idi ki, onların da mərmiləri çox məhdud halda idi. Bu zaman qalın trubalardan “top” hazırlamaq ideyası ortalığa gəldi. Bu müxtəlif çaplı qalın trubalardan hazırlanmış atış vasitəsi idi ki, əsasında atəş təzyiqinin yaranması ücün barıt və mərmilərdən çıxarılmış barıt icliyindən istifadə olunurdu. Zərərverici təsir isə uzağa uçaraq səpələnən bolt və qaykalar ilə təmin olunurdu. Alışdırılması fitil vasitəsi ilə həyata keçirilirdi. Bu kimi “toplar” da əsasən təhlükə mənbəyi idi. Çünki metalın tutumu qoyulan barıt içliyinin qədərinin hesablanmaması üzündən, atəş zamanı bir çox hallarda boru şişərək sıradan cıxır,atəş kiçik mənzilli alınırdı. Təhlükəsizlik baxımından bu vasitələrin özünü necə aparacağına heç kim təminat verə bilmirdi. Sonralar  bir neçə batalyonlarda kustar minaatanlar peyda olmağa başladı. Əsasən Bakının “Şmit” zavodunda və Sumqayıt “Boru prokatı” zavodlarında hazırlanan bu minaatanlar ilk anlarda hansısa hərbi əməliyyatlar üçün köməkçi vasitə olsa belə, sonradan onlar təhlükə mənbəyinə çevrilmişdi. Keyfiyyəti tələb olunan kimi olmayan bu minaatanların işi tez paslandığndan, minaatan mərmilərinin atəş sürətini əngəlləyir, ilişmələrə gətirib çıxarır, vurucu iynələr tez-tez sınırdı. Bu kimi minaatanların ikinci doldurmadan qoruyucusundan söhbət belə gedə bilməzdi. Dəqiqlik sıfır dərəcəsində idi. Mərmilər də məhdud sayda olduğundan, bu kimi silahları ən ağır hallar üçün qoruyub saxlamaq məcburiyyəti yaranırdı. 1992-ci ildə Daxili Qoşunların tərkibində Ağdam rayonunun Papravənd kəndinin sonunda olan “Kolonposeleniya” deyilən ərazidə yerləşən 42-ci postda məhz 2 belə minaatana rast gəlmişdim. Bunlar Papravənd özünümüdafiə dəstələrinə məxsus idi. Onlardan birinin içində mərmi ilişib qaldığından və təmirin qeyrimümkün olmasından, bu minaatanı partlayışla zərərsizləşdirmək qərarına gəldik.
Artilleriya və raket anlamında tərəflər aktiv olaraq hidrometerioloji sursatlardan istifadə edirdilər. Bunlardan ən çox yadda qalan “Alazan” raketləri idi ki, kustar halda başlığına partlayıcı maddə yerləşdirərək, partladıcı ilə təmin olunurdu. “Alazan” raketləri həm özünün buraxıcı relslərindən, həm də kustar yığılmış relslərdən buraxılırdı. Mobillik üçün isə müxtəlif növ yük maşınlarından, əsasən isə “Kamazlardan” istifadə olunurdu.
82 mm “Alazan” raketləri sovet istehsalı olaraq kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün istifadə olunurdu. İlk nümunəsi kimya Elmi-Tədqiqat İnistutunda 1960-1970-ci illərdə işlənib hazırlanmışdı. Əsasən Çapayev adına Çeboksar İstehsalat Birliyində buraxılırdı. “Alazan” raketi bərk yanacaqlı olaraq, fırlana bilən buraxıcı qurğuda yerləşdirilmişdi. Buraxıcı qurğu məftillə idarə olunurdu. Yüksəklik təzimlənəndən sonra buluda çatan raket partlayaraq, plastmass korpusda olan reagenti  buluda çilənərək onu təzyiq altında dağıdırdı. Əsasən “Alazan-1” raketləri bir pilləli, “Alazan -2M” raketləri isə iki pilləli olurdular. İlkin olaraq postsovet məkanında 1990-cı illərdə Dnestryanı münaqişəsi zamanı Dnestr separatçıları tərəfindən Moldovan kəndlərinə qarşı istifadə olumuşdur.  Qarabağda erməni quldurları bu raketdən Xankəndindən Şuşanı vurmaq üçün istifadə edirdilər. 1992-ci ildə bu qurğudan Gürcüstan tərəfi Osetin kəndi olan Qromu atəşə tutmuşdular.
Bu kimi raketlərin istifadəsi zamanı artıq hidrometerioloji silahların döyüş zonasında istifadəsi tendensiyası genişlənməyə doğru addımladı. “Alazanların” arxasınca artıq “Kristall” raketləri istifadə olundu.
“Kristall” raketləri əsasən “Alazan” raketlərinin modernizə olunmuş iki pilləli raket mühərriki ilə təmin olunmuş variantı idi. Çapı 82 mm olan bu tip raketlər də dolu dağıtmaq üçün istifadə edilirdi. 12 raketlik buraxıcıda yerləşən bu tip raketlərin effektivliyi və uçuş uzaqlığı, başqalarından 3-5 dəfə fərqli idi. Buraxılma qurğusu “Alazan” raketlərində olduğu kimi, avtonom-məftilli buraxıcı idi ki, bu zaman 1 və  yaxud 12 raketi birdən buraxmaq olurdu. Bu raketlərdən də tərəflər mobillik üçün yük avtomobillərindən istifadə edirdilər.
Dəqiq olmayan İdarə olunmayan raketlər silsiləsini artıq döyüş başlıqlı raketlər əvəz etməyə başladı. Keçmiş sovet hərbi aerodromlarının anbarlarından ələ keçirilmiş təyyarə və helikopterlər üçün nəzərdə tutulmuş NURS (neupravlyaemıy reaktivnıy snaryad-rus incələməsində) “İdarə Olunmayan Reaktiv Mərmiləri”  buraxıcı qurğusu  ilə hər iki tərəf istifadə etməyə başladı. Bu mərmilər əsasən B-8M1 və B-820 tipli, 20 buraxıcı kanalı olan qurğulardan buraxılırdı ki, bu qurğular da əsasən SU-17M1, SU-17M2, SU-17M4, SU-24, SU-25, SU-27, MİQ-23, MİQ-27 təyyarələri; Mİ-8, Mİ-24, Mİ-28 və s. helikopterlərin sılahlanmasına daxil idi. 80mm-lik C-8 mərmisi isə havadan düşmənin canlı qüvvəsini,texnikasını məhv etmək üçün nəzərdə tutulmuşdu. Bu tip buraxıcı qurğular əslində hava texnikası üçün nəzərdə tutulsa belə, bu tip silah və sursatları yerli emalatxanalarda fırlanan qurğularla təchiz edib, elektrik buraxıcısı ilə komplektləşdirərək, yük avtomobillərinə, yüngül zirehlənmiş çoxşaxəli tırtıllı transportyorlara  (MTLB) lərə, kəşfiyyat keşik döyüş maşınlarına(BRDM) zirehli transportyorlara (BTR) və digər texnikaya birləşdirirdilər. Bu kimi kustar qurğularda qurulmuş bu kimi silahların da dəqiqliyindən söhbət gedə bilməzdi. Atəş topluluğunun hesabına bu silahlar, “Alazan”, ”Kristal” kimi raketlərdən daha çox dağıdıcı və öldürücü qüvvəyə malik olduğundan, həmin dövr üçün ciddi artilleriya silahı sayılırdı.
Müharibənin fazaları dəyişdikcə artıq silah və texnikalar da dəyişirdi. Artıq tərəflərdə yüngül döyüş maşınları, əsasən də ZTR-60-lər peyda olmağa başladı. Artilleriya da təkmilləşmə dövrünə gəlib çatdı. Bu zaman ortaya KS-19 tipli, 100 mm-lik, zenit topları çıxmağa başladı. Böyük Vətən müharibəsindən sonra, 1948-ci ildə SSRİ-nin 235 saylı zavodunda baş ixtiraçı Lyulyev tərəfindən hazırlanan bu toplar, uçan və yer hədəflərinə atəş açmaq üçün nəzərdə tutulmuşdu. 100 mm-lik bu topun döyüş heyəti 7 nəfər idi. Lakin Qarabağ savaşında bu vəzifəni 2-3 nəfər icra edirdi. İstehsalçının iddiasına görə 21.000 metr uzaqlığa vuran bu toplardan həm qəlpəli, həm də kumulyativ mərmilərlə atəş açılırdı. Lakin tərəflərin əlində olan topların böyük hissəsinin nişangahı olmadığından, döyüşçü-artilleriyaçılar bu topların lüləsinin çıxışına nişan üçün plyus şəkilli ip qoyaraq atəş açır, çox zaman da atəş tam dəqiq alınmırdı. Bu kimi toplar postsovet məkanının çox respublikalarında gedən vətəndaş müharibələrində və münaqişələrdə açıq istifadə olunmuşdur. Çünki bu toplar silahlanmadan çıxarıldıqdan sonra,onlar hidrometerioloji xidmətlərə verilərək,mülki vəzifələr üçün,dəqiq desək dağlarda qarların uçqun təhlükəsini aradan qaldırmaq, dolu buludlarına kimyəvi reagentli mərmilərdən atəş açmaq üçün istifadə edilirdi. Mülki xidmətlərin balansında olan bu toplar, münaqişə zamanı çox asanlıqla ələ keçirilərək istifadə olunurdu.
Yuxarıda qeyd etdiyimiz kimi Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alay bir növ erməni separatçıları üçün hərbi ləvazimat, silah, sursat və texnika anbarı rolunu oynayırdı. Bu alayın silahlanmasında həmin zaman üçün dağıdıcı silahların olması, separatçılara effektiv olaraq hücum və artilleriya həmləsi  taktikasını yerinə yetirməyə imkan verirdi. Ermənilər Cldran savaşı zamanı qoşunlarımızı aramsız olaraq S-60 tipli zenit top qurğularından da atəşə tuturdular. Bu qurğular əsasən 1940-cı illərin ortalarında SSRİ silahlı qüvvələrinin zenit batareyalarında olan 37 mm lik zenit qurğularını əvəz etmək üçün Mixail Loginov tərəfindən işlənib hazırlandı. 57 mm-lik AZP-57  avtomatik topundan ibarət olan bu zenit qurğuları hava və yer hədəflərində olan canlı qüvvə və yüngül zirehli texnikanın məhvi üçün nəzərdə tutulmuşdur. İki belə zenit topu, “Vasiyok” minaatanı və s qurğular, Ağdərə bölgəsində Daxili Qoşunlar tərəfindən düşməndən qənimət kimi götürülmüşdü.
Sonda bir daha vurğulayım ki, “kustar silahlar” müharibəsindən başlanan savaş aspektləri bu gün artıq professional və son dərəcə modern silahlarla Azərbaycan Ordusunun formalaşmasına, Qafqazın müasir və təkmil ordusu anlamına gətirib çıxardı. Ermənistanla müqayisədə artıq Azərbaycan özünün silah və müdafiə sənayesini yaradaraq, bu gün gündəmdə olan müasir döyüş ləvazimatları, vasitələr, texnika, silah, sursat, aviasiya bombaları, dəqiq cihaz və optik nişangahlar hazırlaya bildi. Ölkənin iqtisadiyyatı, sabitliyi, stabilliyi bir daha başqa sənayelərlə birlikdə, savaş sənayesinin inkişafı üçün zəmin və imkanlar yaratdı.

Комментарии