Sönmüş şəhərin zəif işıqları-14


Bir zamanlar düşünməzdim ki,dağılmış evdə,viranə kənddə uşaq beşiyinə rast gələcəm. Mən beşiyi ancaq sakit ,səs küydən uzaq sərin otaqda təsəvvür edirdim həmişə. Mənim beşiyim qalmışdı. Deyilənə görə üzünü belə görmədiyim atam hazırlamışdı onu. O beşikdə bu müharibə iblisinin son günə kimi çiynində sülh göyərçini kimi oturub,sülhsüz qocaltdığı mən və bacım böyümüşdü. Hər zaman o taxta beşiyə baxanda bir anlıq uşaq olmaq,onun içində anamın həzin səsiylə laylasına qulaq asıb yuxulamaq və doğurdanda bu müharibələr apokalipsisində dağılmış şəhər və kəndlərdə çarəsiz və süst olan cismimi dincəltmək keçirdi könlümdən. Əlimi onun bəzəkli rənglərlə rənglənmiş səthinə vuranda içim göynəyərdi. O taxta beşik məni,əli silahlı dünyamdan alıb.Xəzər sahilindəki Fatmayı bağlarına,üzüm tənəklərinin altındakı kölgəliyə aparar,beşik yelləndikcə yarpaqlar arasından boylanan günəşin şiltaq şüalarına bələndirər,bu şiltaqlıqdan mən yatmayaraq bir körpə cığallığı ilə gülümsədərdim.
İndi isə taxta beşiyimə qardaş beşiyin, bu viranə kəndin viranə evinin viranə otağında,qaba düşmən çəkməsi altında sınmış vücudu elə bil mənim də sınmış taleyimin nişanəsi idi. Mən ona yaxınlaşıb əlimi onun yaralı cisminə çəkəndə yenə o qəlb titrəməsini hiss etdim. Bu həmən şıltaq uşağın qəlbinin titrəyişi yox,uşaqkən qocalmış ,gənckən beli bükülmüş müharibə insanının titrəməsi idi. Bəlkə bu tanrının uzaq diyarda dağıtdığımız evlər,sındırdığımız beşiklər üçün mənə verdiyi cəza,iblisin isə bayramı idi. Soyuq tər gəldi alnıma. Axı mən sadəcə bir əsgər idim -deyə vicdanımı soyutmaq istədim bir an. Lakin o soyumadı.Soyuya da bilməz idi. Müharibə psixologiyası,müharibə gəncliyinin ,avtomat notlarında çalinan simfoniyası qoymadı soyusun. Özüm soyudum. Boğazıma toplanmış bir yumruq kimi olan qəhəri udub,belimə tonlarla yük yüklənmiş kimi o evdən çıxdım. Geri baxmaqdan qorxdum. Qorxdum ki,o beşik məndən bu evin niyə xaraba qaldığnı,düşmənin onu təpikləyərkən mənim harada olduğumu soruşar. Və bir də qorxdum ki,o taxta beşik konfeti əlindən alınmış və yanaqlarında yaz yağışı kimi göz yaşını damladığı körpə kimi soruşar: Sən niyə ik gəncliyini ikiüzlü müharibə iblisinə qul etdin? Mənimsə bu suala cavabım yox idi.
Müharibə iblisinin yerdəki nümayəndəsi avtomatımı çiynimə atıb ,sınmış belimi özümə şələləyib bir kəlmə pıçıldadım:
Məni bağışla Əfqanıstan...
Bağışlaya bilsən...
Bacarsan,bağışla....

Комментарии