Uşaq xəstədir. Hər gün həyat yoldaşının ağlamağına qulaq asmaq və yerinə kimisə qoymaqdan qorxmaq. Dəhşətdir. Çünki orada bir xəstə uşaq varsa,burada hər saat uşaq sadəlövhlüyündən gülləyə tuş gələ biləcək kiminsə uşaqları. Seçim arasında qalmaq ağırdır. Hərdən bu seçimsizlikdən bir dəli hönkürtü keçir könlümdən. Lakin vicdanımı yumruq kimi sıxaraq komandanlığa dilim topuq vura vura bunu deyirəm. Və zəif işıqlı lakin günəş kimi aydın səngərdən hər yerində çılçıraqlı işıq dirəklərinin göz qamaşdıran əslində isə ilanlar diyarı şəhərə yol alıram.
İlk əvvəl qapazı metro və avtobuslarda alıram. Qoruduğum və həyatımı verdiyim bu şəhərdə nə metroda nədə avtobusda mənə kartım olmasa yer yoxdur. Həyat kartında uduzmuş kimi bir taksiyə yaxınlaşıram. 2 manatlıq yolu 5 manata deyir. Əyləşib gedirəm. Yol gedərkən "Niyə " sualına cavab alıram. "Siz voyennilər yaxşı maaş alırsınız". Bəli evimiz kişisiz,atamız uşaqsız,toyumuz və yasımız bizsiz ikən maaşımız var bizim. Hələ "erməni ilə niyə bacarmırsınız?" sualına da acı və qəhərli bir gülüş qonur üzümə. 5 manatı oturacağa atıb: Çünki yaxşı maaaş alırıq-deyib nifrətlə aralanıram bu ağ saqqal və ağ caqqal sürücüdən. Evdə gəlişim də bir ağır atmosferlə qarşılanır. Anlayıram gözlərdəki sualları. Cavab vermirəm və xəstə evladımı qucaqlayaraq nəsə özümə isbat etməyə çalışıram. Özümün özümlə müharibəmdə hansısa həqiqət qalıb gəlməsini istəmədən.
Səhər açılır poliklinikaya yaxınlaşıram. Burada da bir yeni zərbəni alıram. Onları həyatda bir mələk kimi yaşatdığım.ağ və kondinsionerli otaqlarda sakit həyat sürdürdüklərinə əziyyət çəkdiyim elə ağ xalatlı iblislərin hansısa bir aparata salması üçün 100,200, 300 manat yazan ağ əllərinə baxıram. Uşağı müayinədən qabaq 1 saat leksiya oxuyan ağ iblisin əlimi cibimə salarkən gözlərinin UAZ avtomibilinin farasına oxşar gözlərini görürəm. Lazımlı və lazımsız 400 manatlıq dərman yazan həkimlə rastlaşıram. Və burdada əynimdəki formanın nə qədər ucuz tutulduğunu bir həqarətlə anlayıram.Bütün bunlar əfsus ki yuxu yox həqiqətdir.
Müalicə edə bilmədim uşağı. Saysız hesabsız fondlar,saysız klinikalar,saysız mərkəzlər . Nədənsə hər biri mənim əynimdəki formaya hörmətdən çox nifrət aşıladılar bu şəhərdə. Bu şəhərə nəsə bir azzar dəyib,nəsə bir apokalipsislik,nəsə bir taun və vəba var burada. Bəzəkli reklamlarında sön nəfəsinə qədər Azərbaycan deyən Şəhid və Qazi şəkillərinin yerinə,əsasında kişi yaxud qadın olmasına baxmadan fahişələrin kostyumlu və kostyumsuz lüt şəkilləri,həraddımda JEK-indən tutmuş ,böyük idarəsinə kimi insanın üzünə kartsız bankomat kimi baxanlar və dağılmış adanın ortasında tək qalmış kimi bizlər. Gərəsən biz erməniyə niyə qalib gələ bilmirik-düşündüm və acı bir qəhqəhə çəkmək istədim. Etmədim. Onsuzda bu zəbanələr şəhərində qəhqəhə çəkənlər çoxdur-amma ürəkdən gülənlər yoxdur-əfsus ki.
Mənim artıq kartım var onu avtobusun həyasız kart oxuyanına yaxınlaşdırıb gedirəm yenə bu şəhərdən. Arxada hələ də müalicəsi bahalıqdan bitməmiş evlad qoyuram.,hər tərəfində iblislər qaynayan bu şəhərdə. Bu şəhərdə demiş-mən palçıqlı səngərə gedim,sizsə mənim qanımdan qazandığınız pullarla iki düşüyün şıllaq atdığı "Bu Şəhərdə" yə.
Ozünüzü bir daha qarnı bərkimiş kimi zorlayıb"Onlar yaxşı maaş alırlar" deyin. Mənsə acı ürəyimi ucuz siqaretimlə şirinlətmək istəyib "Təki Vətən Sağ Olsun" pıçıldayim.
Və səngərə çatana qədər daxilimi dağıdan kədəri qovmağa kişilik tapıb"Hər Şey Yaxşı Olacaq " deyim.
Çünki Ümid Biz Öləndə Ölür !
Ümidimizin özümüzdən əvvəl ölməməsi arzusu və inamı ilə......
Комментарии
Отправить комментарий